Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 11:40

195

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyə sədri işçi qrupuna rəhbərlik edəcək: İcra başçısının bu qərarı hansı məntiqə və hüquqa söykənir?

Paytaxt rayonlarının birində maraqlı bir hadisənin baş verdiyi bildirilir. Əgər belə bir məlumat yayılıbsa, deməli, müzakirə üçün müəyyən əsaslar da var. Bizim məqsədimiz bələdiyyə-icra münasibətlərində mövcud olan boşluqların aradan qaldırılmasına dəstək vermək, bu münasibətlərin sivil və tərəfdaşlıq prinsipləri əsasında inkişafına töhfə vermək, icra hakimiyyəti orqanlarında çalışanların bələdiyyələri yalnız tərəfdaş kimi qəbul etməsinə nail olmaqdır.

Qeyd edək ki, bu gün Nərimanov, Səbail, Xətai, Sabunçu, Yasamal və Binəqədi rayonlarında formalaşan bələdiyyə-icra münasibətləri, həqiqətən də, təqdirəlayiqdir və bu təcrübə digər ərazilərdə də yayıla biləcək səviyyədədir.

Nə isə... Keçək mətləbə.

Məlumata görə, bu günlərdə paytaxt rayonlarından birinin icra hakimiyyətinin başçısı qanunsuz tikintilərlə mübarizə məqsədilə işçi qrupu yaradıb və həmin qrupa rəhbərliyi bir qəsəbə bələdiyyəsinin sədrinə həvalə edib. Açığı, bu qərarın hansı məntiqə və idarəçilik prinsipinə əsaslandığı ciddi suallar doğurur.

İlk növbədə, icra hakimiyyətinin başçısı siyasi və inzibati rəhbər kimi qəbul etdiyi qərarların yalnız formal tərəfini deyil, onların ictimai və siyasi nəticələrini də nəzərə almalıdır. Rəhbər vəzifəyə təyin etdiyi şəxsin şəxsi keyfiyyətləri, idarəçilik bacarığı və ən azı onun haqqında formalaşmış ictimai rəy ilə hesablaşmalıdır. Çünki rəhbər vəzifəyə gətirdiyi şəxsin fəaliyyəti və davranışı müəyyən mənada həmin qərarı verən rəhbərin də nüfuzuna təsir göstərir. Bu baxımdan, belə bir təyinatın icra başçısının özünün ictimai-siyasi nüfuzuna xələl gətirə biləcəyini əvvəlcədən nəzərə almaq çətin deyildi.

Digər tərəfdən, bir qəsəbənin bələdiyyə sədrinin digər qəsəbələrdə qanunsuz tikintilərlə mübarizəyə rəhbərlik etməsi hansı idarəçilik məntiqinə söykənir? Bəs həmin ərazilərdə fəaliyyət göstərən icra nümayəndələri, bələdiyyə sədrləri və digər məsul şəxslər hansı funksiyanı yerinə yetirməlidirlər? Onların məsuliyyət və səlahiyyət dairəsi nədən ibarətdir?

Əgər bir bələdiyyə sədrinə digər ərazilərdəki qanunsuz tikintilərlə mübarizə prosesinə rəhbərlik etmək etibar edilirsə, onda həmin ərazilərdə fəaliyyət göstərən yerli idarəetmə strukturlarının mövcudluğu və funksional məsuliyyəti hansı zərurətdən irəli gəlir?

Bu məntiqdən çıxış etsək, rayondakı bütün inzibati ərazi vahidlərini birləşdirib, həmin şəxsi də onların hamısına rəhbər təyin etmək qalır. Təbii ki, bu, idarəçilik deyil, səlahiyyət və məsuliyyət bölgüsünün qarışdırılmasıdır.

Məsələnin digər mühüm tərəfi də var. Bələdiyyə yerli özünüidarəetmə orqanıdır və onun sədri qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidir. Bir bələdiyyə sədrinin digər ərazilərdə fəaliyyət göstərən yerli özünüidarəetmə subyektlərinin işinə rəhbərlik etməsi, xüsusilə də bu prosesin hüquqi əsasları və səlahiyyət bölgüsü aydın şəkildə müəyyənləşdirilmədikdə, ciddi suallar yaradır.

Təbii ki, işçi qrupuna rəhbərlik etmək özü-özlüyündə qanun pozuntusu demək deyil. Lakin belə bir təyinatın hansı hüquqi əsaslara söykəndiyi, rəhbərin funksional səlahiyyətlərinin nədən ibarət olduğu və məsuliyyət mexanizminin necə müəyyənləşdirildiyi açıq şəkildə izah edilməlidir.

Qanunsuz tikintilərlə mübarizə, şübhəsiz ki, vacib və zəruri istiqamətdir. Lakin bu mübarizə ayrı-ayrı şəxslərin subyektiv seçimləri, qeyri-müəyyən səlahiyyət bölgüsü və formal işçi qrupları vasitəsilə deyil, qanunvericiliyin tələblərinə uyğun, sistemli və institusional məsuliyyət prinsipi əsasında aparılmalıdır. Hər bir ərazidə qanunsuz tikintilərə qarşı mübarizəyə, ilk növbədə, həmin istiqamətdə qanuni səlahiyyət və məsuliyyət daşıyan qurumlar cəlb edilməlidir.

İcra hakimiyyətinin başçısı bilməlidir ki, idarəçilik ayrı-ayrı şəxsləri bir-birinin səlahiyyət dairəsinə daxil etməkdən deyil, hər kəsin öz vəzifəsini, məsuliyyətini və hüquqi öhdəliklərini düzgün müəyyənləşdirməkdən ibarətdir.

Bu səbəbdən hesab edirəm ki, belə bir qərar ən azı ciddi şəkildə əsaslandırılmalı, hüquqi və idarəçilik baxımından yenidən nəzərdən keçirilməlidir. İcra başçısının atdığı addımların əsas məqsədi dövlət idarəçiliyinə ictimai etimadı gücləndirmək olmalıdır, əlavə suallar yaratmaq yox.

P.S. Müəyyən məsələləri nəzərə alıb haqqında danışılan  rayonun adını çəkmirik.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026
377

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026
1117